Baş səhifə
Son xəbərlər

İLHAM ƏLİYEVDƏN AVROPA ÇEMPİONATI İLƏ BAĞLI SƏRƏNCAM

Fevralın 15-də Azərbaycan Prezidenti İlham Əliyev 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin 2016-cı ildə Azərbaycanda keçirilməsinin təmin edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycanda idmanın inkişafı daim dövlətin diqqət mərkəzindədir. Ölkəmizdə beynəlxalq səviyyəli mötəbər idman yarışları, o cümlədən dünya və Avropa çempionatları keçirilir, həmin yarışlarda Azərbaycan idmançıları uğurla iştirak edirlər.

Sənəddə 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin 2016-cı ildə Azərbaycanda keçirilməsinin ölkədə idmanın bu növünə marağın daha da artmasına səbəb olacağı və Azərbaycanın nüfuzlu beynəlxalq idman tədbirlərinə ev sahibliyi etmək təcrübəsini daha da zənginləşdirəcəyi vurğulanır.

Sərəncama əsasən, 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin Azərbaycan Respublikasında keçirilməsini təmin etmək məqsədi ilə müvafiq qurumlara tapşırıqlar verilib.

Prezidentin digər Sərəncamı ilə 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının ölkəmizdə final mərhələsinin təşkili və keçirilməsi ilə bağlı Azərbaycana gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurları sadələşdirilir.

Müəyyən edilib ki, 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin təşkili və keçirilməsi ilə əlaqədar ölkəmizə gələn xarici dövlətlərin vətəndaşları və həmin dövlətlərdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala bilərlər.

Sərəncamda viza verilməsi üçün əsas hesab edilən sənədlər, viza almaq üçün müraciətlərin müddətləri müəyyənləşdirilib.

Maliyyə və Xarici İşlər nazirliklərinə 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsi ilə əlaqədar ölkəmizə gələn şəxslərə Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza verilməsi işinin təşkili ilə bağlı maddi-texniki təminat məsələlərini həll etmək tapşırılıb.

Oxunma sayı: 322